Sülhə kim və niyə mane olur?
Siyasət 18 Avq 2025 16:00:00 67 0
Cənubi Qafqazın diplomatik səhnəsi son aylar çoxölçülü strateji platforma kimi fəaliyyət göstərir. Burada hər bir aktor geosiyasi balanslaşdırma və assimmetrik çəkindirmə məntiqi ilə hərəkət edir.
Bu xəbəri də oxu: Paşinyan: Avqustun 8dən sonra biz tamam başqa Cənubi Qafqazda yaşayırıq
Ənənəvi olaraq bəyanatlarla məhdudlaşan sülh prosesi avqustun 8-də imzalanmış Vaşinqton Anlaşma Memorandumundan sonra hüquqi baxımdan institutlaşmış razılaşmalar mərhələsinə keçdi. Bu sənəd bölgədə təhlükəsizliyin yeni arxitekturasının yaranmasına zəmin yaratdı.
Eyni zamanda Ermənistanda millətçi ritorikaya söykənən revanşist şəbəkələr fəallaşıb və danışıqlar prosesini geriyə aparmaq təhlükəsi yaradır.
Cənubi Qafqaz nəqliyyat-enerji dəhlizlərinin, dünya güclərinin maraqlarının və regional ittifaqlar sistemlərinin qovuşduğu geostrateji məkandır. Bu gün Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhün əldə olunması məsələsi artıq klassik diplomatiyanın çərçivəsini aşaraq çoxqütblü dünyanın yeni kollektiv təhlükəsizlik prinsipləri və oyun qaydaları barədə qlobal diskussiyanın tərkib hissəsinə çevrilib.
Hərbi-siyasi landşaft geri dönməz şəkildə dəyişib. Azərbaycanın 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirləri nəticəsində Qarabağ üzərində suverenliyini bərpa etməsi ərazi bütövlüyü məsələsinə yekun nöqtə qoydu. Bu fakt dəfələrlə BMT Təhlükəsizlik Şurasının qətnamələri (822, 853, 874, 884) və həmçinin 2025-ci il iyunun 12-də BMT Beynəlxalq Məhkəməsinin çıxardığı qərar (Azərbaycanın Ermənistana qarşı İrqi Diskriminasiyanın Ləğvi Konvensiyası üzrə iddiası) ilə təsdiqlənib və istənilən danışıqlar üçün danılmaz əsasdır.
Rəsmi Bakı hələ 2022-ci ilin martında təqdim etdiyi beş prinsip əsasında İrəvana sülh arxitekturasını ardıcıl şəkildə təklif edir: suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınması, güc tətbiqi hədəsindən imtina, sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması.
2025-ci ilin avqustunda imzalanmış Vaşinqton sazişi geosiyasi məntiqin, hüquqi arqumentasiyanın və iqtisadi rasionalizmin bir nöqtədə kəsişdiyi nadir tarixi anlardan biri oldu. ABŞ prezidenti Trampın administrasiyası tərəfindən Cənubi Qafqazın "strukturca yenidən proqramlaşdırılması" aləti kimi işə salınmış "Trampın beynəlxalq sülh və rifah naminə marşrutu" (Trump Route for International Peace and Prosperity, TRİPP) təşəbbüsü Azərbaycanla Ermənistan arasında Anlaşma Memorandumu şəklində gerçəkləşdi. Bu sənədi yekun akt kimi yox, normallaşma prosesinin dönməzliyini təsbit edən strateji yol xəritəsi kimi qiymətləndirmək lazımdır.
Gələcək müqavilənin əsasını BMT praktikasında da təsdiqlənmiş beynəlxalq hüququn tanıdığı üç fundamental prinsip təşkil edir:
1. Ərazi bütövlüyünün qarşılıqlı tanınması. Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaq öhdəliyini götürür. Bu bənd siyasi ədəb qaydası deyil, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrinin birbaşa nəticəsidir və münaqişənin hüquqi matrisini formalaşdırıb.
2. Sərhədlərin delimitasiya və demarkasiyası. SSRİ Baş Qərargahının 1970-ci illərə aid xəritələrindən istifadə postimperiya hüquqi coğrafiyasının davamlılığını təmin edir. BMT Beynəlxalq Məhkəməsinin "Burkina-Faso - Mali" işi, eləcə də Eritreya-Efiopiya presedentləri göstərir ki, kartoqrafik təsbit postkolonial transformasiya şəraitində legitim meyardır.
3. Kommunikasiyaların açılması. Zəngəzur dəhlizi Azərbaycanın kaprizləri deyil, iqtisadi zərurətdir. Asiya İnkişaf Bankının hesabatına görə, Cənubi Qafqazın qlobal ticarət zəncirlərinə inteqrasiyası Ermənistanın ÜDM-ni hər il 2-3%, Azərbaycanın isə 1,5% artıra bilər.
Avqustun 8-də tərəflər Sülh Müqaviləsinin Əsas Prinsipləri üzrə Anlaşma Memorandumunu parafladılar. Onun əsas müddəaları bunlardır:
Qəti qarşılıqlı tanınma. Suverenlik və ərazi bütövlüyü 1991-ci il Alma-Ata Bəyannaməsi ilə müəyyən edilmiş sərhədlərdə təsbit olunub.
Sərhədlərin delimitasiyası. 2025-ci il oktyabrın 1-dək SSRİ Baş Qərargahının 1975-ci il xəritələri əsasında delimitasiya aparmaq üçün birgə işçi qruplar yaradılmalıdır.
Zəngəzur dəhlizi. Ermənistan Sünik vilayətindən keçəcək tranzit marşrutunun gömrüksüz və logistika baxımından eksteryal rejimdə fəaliyyətinə razılıq verib. Şəffaflıq və monitorinqi üçüncü tərəflər təmin edəcək. Detallar ilin sonunadək razılaşdırılmalıdır.
Hüquq və təhlükəsizlik. Tərəflərin ərazilərindəki vətəndaşların, o cümlədən Qarabağdakı erməni əhalinin hüquqlarının Azərbaycan qanunvericiliyi və beynəlxalq mexanizmlər çərçivəsində qorunması öhdəliyi təsbit olunub. Burada ATƏT-in və ikitərəfli komissiyaların rolu vurğulanır.
TRIIP təkcə diplomatik konstruksiya deyil, sivilizasion xarakterli layihədir. ABŞ Cənubi Qafqazı Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanı birləşdirən yeni "ox infrastrukturu"na daxil etməyə çalışır. Azərbaycan üçün bu, enerji, nəqliyyat və siyasi inteqrasiyanın strateji qovşağı kimi rolunun təsdiqidir.
Amma sazişin qarşısında fundamental maneə dayanır: Ermənistanın daxili siyasi qeyri-sabitliyi. Cəmiyyət və elitalar daxilindəki müqavimət Memorandumun reallaşmasını təkcə diplomatiya deyil, həm də erməni siyasi mədəniyyətinin transformasiyası məsələsinə çevirir.
Ermənistan bu gün unikal vəziyyətə düşüb: modernləşməyə və regional, qlobal iqtisadi proseslərə inteqrasiyaya obyektiv ehtiyacı olan ölkə hələ də öz tarixi mifologiyasının girovu olaraq qalır. Reallığa və praqmatizmə yönəlmiş siyasi elita (Nikol Paşinyanın hökuməti) beynəlxalq hüququn tələbləri ilə kompromissi "milli kapitulyasiyanın simvolu" sayan müxalif qüvvələrin təzyiqləri arasında manevr etməyə məcburdur. Bu ziddiyyət erməni siyasi meydanında fundamental şizofreniyanı üzə çıxarır: rasional düşüncə ilə mifləşdirilmiş şüurun toqquşması, tarixi yaddaşın isə ölkənin gələcəyinə qarşı silaha çevrilməsi.
Erməni İnqilabi Federasiyası "Daşnaksütyun" XIX əsr dogmalarında ilişib qalmış klassik millətçi hərəkat nümunəsidir. Onun liderləri - İşxan Saqatelyan, Geqam Manukyan - "tarixi ədalət" və "Qərbi Ermənistan" mifologeması üzərində Qarabağı nəzərdə tutan "Ermənistanın ərazi bütövlüyünün bərpası" konseptini təkrar səsləndirirlər. XX əsrin əvvəllərindən etnik homogenləşmə ideyalarını təşviq edən bu partiya bu gün siyasi nekromantika ilə məşğuldur: hüquqi və geosiyasi əsası olmayan şüarları dirildir. Onların taktikasına kütləvi küçə aksiyaları, deputatlara təzyiq, hökuməti "kolaborasionist" kimi gözdən salmaq daxildir. Ən mühüm detal isə "soyqırımı narrativini" ərazi iddialarına siyasi arqument kimi sırımaq cəhdidir.
"Qarabağ klanı"nın simvolları Robert Köçəryan və Serj Sarqisyan liderdən marjinallığa yuvarlanmış fiqurlar kimi hələ də "müvəqqəti itirilmiş ərazilər" ideyasını bəsləyirlər. Onların tərəfdarları arasında 2020 və 2023-cü illərin hərbi kampaniyalarında məğlub olmuş generallar, məsələn, Movses Hakopyan da var. Onların ritorikası "geosiyasi bəxt" illüziyasına əsaslanır: guya bir gün beynəlxalq konyuktur dəyişəcək və revanş mümkün olacaq. Halbuki bu yanaşma yeni regional təhlükəsizlik sistemində Qarabağın artıq dönməz şəkildə Azərbaycan dövlət məkanına inteqrasiya olunduğu faktını inkar edir. Daha da önəmlisi, Azərbaycan bunu yalnız hərbi yolla deyil, həm də ikitərəfli sazişlərdən tutmuş beynəlxalq məhkəmə qərarlarınadək hüquqi mexanizmlərlə möhkəmləndirib.
Erməni Apostol Kilsəsi formal olaraq neytral mövqedədir, amma bəzi ierarxlar - arxiyepiskop Baqrat Qalstanyan və tərəfdarları - siyasi diskursa teoloji ritorikanı aktiv şəkildə daşıyırlar. Onların şərhində Qarabağ "müqəddəs torpaqdır" və "ondan imtina etmək mümkün deyil". Bu torpağın sakrallaşdırılması siyasətin praqmatik anlayışını dini fundamentalizmlə əvəzləyir və ərazi məsələsini imana çevrilmiş dogmaya transformasiya edir.
Hərbi-siyasi assimmetriya Azərbaycan 2020 və 2023-cü illərin kampaniyalarından sonra Qarabaq üzərində suverenliyini tam bərpa edib. SIPRI-nin 2025-ci ilin may məlumatına görə, Azərbaycanın 2024-cü il hərbi büdcəsi təxminən 3,7 milyard dollar olub, Ermənistanın isə 1,4 milyard dollar. Aktiv silahlı qüvvələrin sayı da Ermənistanın ziyanına işləyir: 126 minə qarşı 48 min (IISS Military Balance, 2025). Revanş çağırışları resurs dəstəyi olmayan siyasi isterikadan başqa bir şey deyil. Üstəlik, Azərbaycan Türkiyə, İsrail və Pakistanla hərbi-texniki əməkdaşlığı inkişaf etdirərək dayanıqlı hərbi-texnoloji tandem qurur.
Beynəlxalq hüquqa ziddiyyət. "Öz müqəddəratını təyinetmə hüququ" ritorikasının ərazi bütövlüyünə qarşı qoyulması beynəlxalq hüquqa birbaşa ziddir. BMT Nizamnaməsi (maddə 2(4)) güclə hədə-qorxunu və dövlətlərin ərazi bütövlüyünün pozulmasını qadağan edir. 1975-ci il Helsinki Yekun Aktı sərhədlərin toxunulmazlığını təsdiqləyib. Xüsusilə, 2025-ci ilin iyununda BMT Beynəlxalq Məhkəməsinin qərarı Azərbaycanın ərazi bütövlüyünün müzakirə mövzusu ola bilməyəcəyini vurğulayıb. Bu qərar Qarabağın statusu ilə bağlı hüquqi diskussiyanı qapadan presedentdir.
İqtisadi kollaps və izolasionizm. BVF-nin (Cənubi Qafqaz və Mərkəzi Asiya hesabatı, iyul 2025) qiymətləndirməsinə görə, Zəngəzur dəhlizi də daxil olmaqla nəqliyyat marşrutlarının bloklanması Ermənistanı hər il potensial ÜDM-in 15%-dək itkisindən məhrum edir. Ermənistanın Rusiyadan ixrac asılılığı 40%-i keçir (Dünya Bankı, 2025), birbaşa xarici investisiyalar isə son iki ildə 22% azalıb.
Kommunikasiyaların açılmasına mane olan revanşist qüvvələr ölkəni ticarəti diversifikasiya etmək və qlobal təchizat zəncirlərinə qoşulmaq imkanından məhrum edirlər. Əvəzində isə "Rusiya müdafiəsi" və ya "Qərbin himayəsi" kimi utopik ümidlər təklif edirlər ki, bu da Moskvanın böhranlı mövqeyi və Qərbin məhdud iştirakı fonunda siyasi absurdluqdan başqa bir şey deyil.
Milli maraqların dağıdılması. 2024-cü ildə Ermənistan büdcəsinin 25%-ni müdafiəyə yönəldib (Ermənistan Maliyyə Nazirliyi). Bu göstərici militarizasiya olunmuş rejimlərin səviyyəsinə yaxındır. Sosial xərclər azalır, miqrasiya isə fəlakətli olaraq qalır: 2024-cü ildə xalis emigrasiya təxminən 45 min nəfər olub (Ermənistan Milli Statistika Xidməti, iyun 2025). Revanşist siyasət milləti gücləndirmir, əksinə onun gələcək təməlini dağıdır. Ermənistan cəmiyyəti əmək qabiliyyətli əhalini itirir, insan kapitalı Rusiya, Avropa və ABŞ-yə axır, ölkə isə "demoqrafik cəhətdən tükənən dövlətə" çevrilir.
Onu da unutmayaq ki, dövlətlərin tarixində elə məqamlar olur ki, onların taleyi döyüş meydanında yox, parlament zallarında və konstitusion mətnlərin formullarında müəyyənləşir. Ermənistan bu gün məhz belə bir nöqtədədir: Azərbaycanla yekun sülh müqaviləsinin bağlanması diplomatik detallar deyil, Ermənistanın konstitusionizminin öz toxuması ilə toqquşur.
Vaşinqton Memorandumu yekun sülhün əsas şərtini təsbit edib: Azərbaycanın 86,6 min kv. km. ərazidə tanınması. Amma Ermənistanın konstitusion-hüquqi reallığı bu tələb ilə ziddiyyət təşkil edir. Onun Konstitusiyasının preambulası 1990-cı il Müstəqillik Bəyannaməsinə əsaslanır və "Ermənistan ilə Qarabağın birləşməsi" barədə irredentist müddəa daşıyır. Bu formula milli siyasi mifdə sakrallaşdırılmış simvolik lövbər kimi çıxış edir, ölkəni keçmişə bağlayır və yeni geosiyasi arxitekturaya inteqrasiyasını bloklayır.
Baş nazir Nikol Paşinyan artıq konstitusion transformasiyanın qaçılmaz olduğunu etiraf edib. Onun 2025-ci il iyulun 20-də parlamentdəki çıxışı "yeni ictimai müqavilə"ni artikulyasiya cəhdi kimi səsləndi: burada keçmişin yerini müasirliyin praqmatikası almalıdır. Amma formal mexanizmlər bu prosesi olduqca mürəkkəb institusional tapşırığa çevirir.
Ermənistan Konstitusiyasının 202-ci maddəsinə görə, düzəlişlər əvvəlcə birinci oxunuşda 3/5 (120-dən 72 səs), sonra ikinci oxunuşda 2/3 (90 səs) tələb edir. Hakim "Vətəndaş Müqaviləsi" partiyasının isə cəmi 71 mandatı var. Deməli, konstitusion metamorfozun açarı revanşist qüvvələrin üstünlük təşkil etdiyi müxalifətin əlindədir və onlar etnik travmaya, tarixi fantomlara istinad edirlər.
Siyasi evolyusiyanın üç ssenarisi
1. Nikbin (2026): ABŞ və Aİ-nin təzyiqi, TRIIP paketi kimi iqtisadi stimullar, üstəlik, cəmiyyətin münaqişədən yorğunluğu və müxalifətin bir hissəsinin rasionalizmi 2025-ci ilin payız sessiyasında birinci oxunuş üçün minimum səslərin toplanmasına imkan verir. İkinci oxunuş "tərəddüd edənlər" koalisiyasının dəstəyi ilə 2026-cı ilin ilk yarısında baş tuta bilər.
2. Baza (2027): proses uzanır. Revanşistlər referendum üçün imza toplamağa başlayır və konstitusiya məsələsini populist mobilizasiyanın alətinə çevirirlər. Nəticədə, son islahatlar 2027-ci il parlament seçkilərinədək təxirə salınır. Paşinyan isə öz xəttini seçki yolu ilə legitimləşdirməyə çalışır.
3. Bədbin (dalana dirənmə): revanşistlər kütləni küçələrə çıxarmağı bacarır və Konstitusiyanı "milli müqavimət"in simvoluna çevirirlər. Düzəlişlər iflasa uğrayır, sülh müqaviləsi bloklanır və Cənubi Qafqaz yenidən "dondurulmuş münaqişə"nin hökm sürdüyü xroniki qeyri-sabitlik vəziyyətinə qayıdır.
Vaşinqton Memorandumunu yekun nöqtə yox, ən çətin mərhələnin başlanğıcı kimi dəyərləndirmək lazımdır: sülhün erməni siyasi məkanında daxilləşdirilməsi. Ermənistan ya siyasi identikliyini modernləşdirəcək, ya da çoxdan tükənmiş, ölkəni daimi böhran girdabına salmış irredentist məntiqi təkrar istehsal edəcək.
Beynəlxalq hüquq, hərbi balans və iqtisadi rasionalizm prizmasından baxıldıqda, revanşist diskurs gələcəyin layihəsi deyil, institutlaşmış arxaikadır. O, cəmiyyəti illüziyalarla bəsləyir, amma sistemli dalandan çıxış yolu təklif etmir. Azərbaycanın suverenliyinin tanınması və onun ərazi bütövlüyünə iddialardan imtina - dayanıqlı sülhə, açıq kommunikasiyalara və regional infrastrukturun inkişafına aparan yeganə yoldur.
Növbəti 12-24 ay Cənubi Qafqazın bütün arxitekturası üçün həlledici olacaq. Əgər Ermənistan "konstitusion Rubikon"u aşaraq irredentizmdən imtina edərsə, bölgədə tarixi barışıq şansı yaranacaq, burada praqmatika və qarşılıqlı fayda keçmişin fantomlarına üstün gələcək. Əksinə, revanşist diskurs üstünlük qazanarsa, Ermənistan bir daha təcrid vəziyyətinə düşəcək, Cənubi Qafqaz isə növbəti turbulentlik dalğasına yuvarlanacaq.
Bu gün seçim İrəvanın üzərindədir. Amma bu seçimin qiyməti Ermənistanın daxili siyasətindən çox-çox kənara çıxır - o, bütün regionun taleyini və postmünaqişə sülhünün arxitekturasını müəyyənləşdirir.
Elçin Alıoğlu Son.az
Gəncəyə yeni hərbi prokuror təyin edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 18-də İsraili

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İstehlakçı

Yasamal rayonunda bir neçə gün əvvəl polis əməkdaşları tərəfindən na

Avqustun 18-dən 24-dək olan yeni həftə bizə retrograd Merkürün son günü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə İrana rəsmi s

Son illər ali təhsildə aparılan islahatlar pedaqoji ixtisaslara qəbul plan

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Odessadakı SOCAR neft bazasın

Ağdərədə istismar müddəti başa çatmış döyüş sursatları məhv edil

"Yeni Klinika"ya gecə saat 4-dən xəstə aparıblar, deyirlər, göz

Həbsdə olan müğənni Dəniz Əsədovanın cəzası artırılıb.

2025-ci ilin avtomobil etibarlılığı üzrə araşdırmalar nəticəsində sah

Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustaf
